Türkiyə millisi "AVRO-2020"dən öncə daha bir ağır itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, Almaniyanın "Şalke 04" klubunda forma geyinən Ozan Kabak sıradan çıxıb. 20 yaşlı müdafiəçi Bundesliqanın XXIV turunda "Köln"lə matçın (0:3) 29-cu dəqiqəsində zədələnərək meydanı tərk edib. Bu gün tibbi müayinədən keçən Ozanın 9-12 həftə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə millisinin aparıcı futbolçularından Merih Demiral, Yusuf Yazıcı və Cenk Tosun da sıradan çıxıb.
Avropa çempionatı 12 iyun - 12 iyulda olacaq. "AVRO-2020"nin təqviminə əsasən, açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko” stadionunda üz-üzə gələcəklər. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Fanat.Az