"Sezar Meza Kolli yaxşı oğlandı. Uzun müddətdi Azərbaycandadı, normal futbolçudu”.
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Hazırda "Baku Sportinq” futbol akademiyasının direktoru olan Nadirov milliləşdirilməsi gündəmdə olan paraqvaylı legionerlə bağlı danışıb: "Meza Kolli ilə "İnter”də (indiki "Keşlə”) bir yerdə oynamışıq. Bir insan kimi, bu oyunçu haqda pis nə isə deyə bilmərəm. Amma milli tam başqa mövzudu. Yığmada istənilən legioner pula görə oynayır. Yerlilər isə meydana fərqli ruhla çıxır. Ortadakı fərq də elə ruh məsələsidi. Söhbət yalnız Sezardan getmir. Heç bir legioner yığma üçün azərbaycanlı qədər yana, uduzanda səhərə qədər yatmaya bilməz. Məncə, Azərbaycan millisində çox əcnəbi olması komandanın ümumi ruhuna təsir edir”.
Fanat.Az