Nikola Yurçeviç dönəmində Azərbaycan yığmasında köməkçi-məşqçi qismində çalışmış Mario Tokiç AFFA-nın onlarla vidalaşmaq qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, xorvat məşqçi azerisport.com-a müsahibəsində belə danışıb:
"Ölkənizdə bir il çalışdım. Azərbaycan millisində işlədiyim üçün qürur duyuram. Müqavilənin müddətinin uzadılmaması AFFA-ya aid məsələdi. Hərçənd bilirəm ki, assosiasiya Slovakiya ilə Bakıdakı oyun (1:5) istisna olmaqla komandanın çıxışından razı qalmışdı.
Slovakiya ilə görüşdən sonra futbol qurumuna güclü təzyiq var idı. Onlar isə bunun öhdəsindən uğurla gəlirdilər. AFFA Avropada peşəkar kadrlara malik ən yaxşı assosiasiyalardan biridi. Məsələn, AFFA-nın prezidenti və baş katibi super insanlardı.
Heç yerdə onlar kimi komandalarına qayğı göstərən insanlar görməmişəm. Yığmanıza inkişaf etmək üçün müəyyən vaxt lazımdı. Xorvatiya ilə oyundan (1:2) bir neçə ay öncə bu kollektiv Kosovoya yenilmişdi (0:4). Yalnız son dəqiqələrdə yol verilən fərdi səhvlər bizə seçmə mərhələdə çox xal toplamağa imkan vermədi”.
Tokiç Qurban Qurbanovla Rəşad Sadıqovu millinin baş məşqçi postuna ən layiqli namizədlər saydığını vurğulayıb: "Bir il ərzində mən Azərbaycan futbolunda çox şeyi gördüm.
Ona görə də deyə bilərəm ki, hazırda millinin baş məşqçiliyinə iki ideal namizəd var – Qurban Qurbanov və Rəşad Sadıqov. Qurbanov Azərbaycan futbol tarixinin ən yaxşı məşqçisidi.
Rəşad isə sizin futbolda böyük addı. Ona hörmət edirlər. Güclü xarakteri var. Bizim komandada belə birinə ehtiyac var idi. Bu iki şəxsin ən yaxşı namizədlər olduğunu düşünürəm”.
Fanat.Az