"Dünənki oyunda məğlub olmağımız hər birimizi üzdü".
Bu sözləri Fanat.Az-a "Sumqayıt" klubunun baş məşqçisi Ayxan Abbasov millimizin Lüksemburqa 1:2 hesabı ilə məğlub olduğu oyun barədə danışarkən deyib.
Mütəxəssis şərhində "cırtdan" ölkə adlandırdığımız rəqibin əslində futbolununun inkişaf etməsindən bəhs edib:
"Düzdü, Lüksemburq komandasını biz ölkənin adına və ərazisinə görə gözümüzdə kiçildirik, ancaq futbolunun inkişafı göz önündədi. Mən bunu hələ 3 il öncə Avropa Liqasında Lüksemburq komandasına qarşı oyundan sonra demişdim. Onların şəraitindən danışıb, Fransa, Belçika kimi ölkələrdən futbolçu gətirdiklərini vurğulamışdım. Bunlar o ölkənin futbolunun inkişafının göstəricisidi. Elə dünən göstərdikləri oyun, bizdən üstün oynamaları da buna nümunədi. 10 nəfərlə qalmağımız isə bizə ikinci zərbə oldu. Düzdü, ondan sonra qol da vurduq, qol da buraxdıq. Ancaq bəlkə də o qolu buraxmasaydıq, futbolçularımız özlərini toparlaya bilərdilər. Təəssüflər olsun ki, məğlub olduq".
Abbasov onu da qeyd edib ki, italyan mütəxəssis Canni De Byazinin postunda yeni olması və futbolçuların uzun müddət yaşıl meydanlardan uzaq qalması da nəticəyə təsirini göstərib:
"Yeni məşqçidi, bəlkə də futbolçuları tanımayıb. Başqa seçimlər etmək olardı. Yəqin ki, turdan tura o da futbolçuları analiz edəcək, futboçular da tam formada olacaq və məşqçinin dediklərini yerinə yetirib, daha yaxşı oyun göstərəcəklər. İnşallah, ümidimiz bunadı".
Qeyd edək ki, Azərbaycan - Lküsemburq matçı UEFA Millətlər Liqasının ilk turu çərçivəsində Bakıda keçirilib.
Röya Kərimli