Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.
Fanat.Az Serbiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 68 yaşlı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onunla yolların AVRO-2020-nin seçmə mərhələsindəki uğursuzluğa görə ayrıldığı bildirilib.
Xatırladaq ki, serblər pley-offda Şotlandiyaya uduzaraq (əsas vaxt - 1:1, penaltilər seriyası - 4:5) Avropa çempionatına vəsiqə qazana bilməyib.
A qrupunda Azərbaycan və Serbiya milliləri ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq seçmələri də yer alıb.
Fanat.Az