Futbol üzrə Azərbaycan millisini türkiyəli mütəxəssis Okan Buruk çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, belə bir iddia ilə Türkiyə mediası çıxış edib. Bildirilir ki, AFFA türkiyəli məşqçiyə 2+2 illik müqavilə təklif edib.
Qeyd edək ki, Okan Buruk futbolçu karyerası ərzində Türkiyənin "Qalatasaray", "Beşiktaş", "İstanbul BB" və İtaliyanın "İnter" kublarında çıxış edib. Türkiyə millisi ilə DÇ-2002-də bürünc medal qazanan veteran yarımmüdafiəçi "Qalatasaray"la Türkiyə çempionluğuna (7 dəfə), ölkə kubokuna 4), UEFA Kubokuna (1) və Super Kubokuna (1), "Beşiktaş"la Türkiyə Kubokuna (1) sahib çıxıb.
Baş məşqçi kimi "Elazığspor", "Qaziantepspor", "Sivasspor", "Göztəpə", "Akhisar Bələdiyyəspor" və "Çaykur Rizəspor"u çalışdıran mütəxəssis son olaraq "Başakşəhər"ə başçılıq edib (2019-2021). Komanda onun rəhbərliyi altında 2019/20 mövsümündə Superliqanın qalibi olaraq tarix yazıb. Belə ki, "Başakşəhər" "Qalatasaray", "Fənərbağça", "Beşiktaş", "Trabzonspor" və "Bursaspor"dan sonra Türkiyə çempionluğu yaşayan 6-cı komanda olub.
O.Buruk "Akhisar Bələdiyyəspor"u 2017/18 mövsümündə Türkiyə Kubokunun qalibi edib.