Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un çempionat oyunu yenidən təxirə salınıb.
Fanat.Az xəbər verir ki, Türkiyə I Liqasının 22-ci turu çərçivəsində dünən "Eyüpspor"un qonağı olan "timsahlar"ın oyunu güclü qar yağması səbəbindən yarımçıq qalmışdı.
Qarşılaşmanın bu gün saat 20:00-da qaldığı yerdən - 12-ci dəqiqədən etibarən davam etdiriləcəyi bildirilmişdi. Oyun dayandırılana qədər "Eyüpspor"un hesabda 1:0 öndə olduğunu bildirək.
"Bursaspor" bu gün açıqlama yayaraq "Eyüpspor"la matçın bir daha təxirə salındığını bəyan edib. Məlumatda əlverişsiz hava şəraitinin davam etməsi və bu üzdən futbolçuların səhhəti nəzərə alınaraq, matçın qeyri-müəyyən tarixə təxirə salındığı bildirilib.
Onu da qeyd edək ki, Namikin Türkiyə I Liqasında debütü məhz "Eyüpspor"la birinci dövrədəki görüşə təsadüf edib. Ötən il avqustun 28-də Bursada baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
"Bursaspor" 20 oyunda 20 xal toplayaraq hazırda 17-ci pillədə qərarlaşıb.
Mirağa