Millimizin futbolçusu Mahir Emreli şənbə günü "Dinamo Zaqreb"də debüt edəcək.
Fanat.Az xəbər verir ki, Xorvatiya mətbuatı bu iddia ilə çıxış edib.
Ötən həftə çempionatın 22-ci turu çərçivəsində “İstra 1961” ilə qarşılaşan (2:1) paytaxt klubu futbolçumuzun adını matçın protokoluna daxil etməsə də, mətbuat Mahirin debütünün "Qoritsa" ilə Maksimirdəki görüşdə baş tutacağına əmindir.
Həmkarlarımız zədədən yeni dönən və ötən turda cəmi 36 dəqiqə oynayan Bruno Petkoviçin aldığı sarı vərəqəyə (bu onun mövsümdə 4-cü xəbərdarlığıdır) görə turu buraxmasına əsasən belə qənaətdədir: "Digər tərəfdən, "Dinamo Zaqreb" qarşıdakı on beş gün ərzində beş oyun keçirəcək - hər biri də önəmlidir! Şənbə günü "Qoritsa" Maksimirə gəlir, ardınca gələn cümə axşamı Sevilya səfəri, sonra bazar günü "Lokomotiva" ilə qarşılaşma, daha sonra ispanlarla cavab matçı və üç gün intervalla "Osiyek" ilə derbi... Söhbət Avropa və ya "Sevilya"dan gedirsə, “Dinamo”nun böyük ambisiyaları var. Kopiçin bu on beş gündə komandanı necə bir araya gətirəcəyini görmək maraqlı olacaq. Çünki indiyə qədər komandanın start "11-liy"ini hamımız əzbər bilirdik. Bununla belə, sıx qrafiki nəzərə alsaq, "mavilər"in çalışdırıcısının rotasiyaya əl atacağı gözləniləndir".
Mirağa