Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov bu gün Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Təlim-məşq toplanışımız başa çatdı. Sevindirici haldır ki, bu hazırlıqdan maksimum istifadə edə bildik. Ardıcıl 3 oyunda da meydanı qələbə ilə tərk etdik. Bu cür qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır. İkinci oyunda əsasən az şans qazanan futbolçuları meydana buraxdım. Komandanın oyunundan razı qaldım, hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.