Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Qazaxıstana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının I tur oyunundan əvvəl mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 66 yaşlı mütəxəssis sabahkı matç üçün heyəti gizli saxlayıb:
"İnanıram ki, budəfəki Millətlər Liqası ilk mövsümdəkindən fərqli olacaq. Bunu sabah oyundan əvvəl biləcəksiniz. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var.
Güclü qrupa düşmüşük. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Üç gündən bir oyun olacaq. Maksimum xallar toplamağa çalışacağıq.
Qeyd edək ki, iyunun 3-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.