"Azərbaycanda təşkil edilən beynəlxalq yarışlar hər zaman yüksək səviyyədə keçirilib".
Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov Bakıda təşkil olunacaq dünya çempionatından öncə keçirilən mətbuat konfransında deyib.
O, mundialı Azərbaycana yaraşan səviyyədə keçirmək istədiklərini bildirib: “Əlbəttə, müəyyən çətinliklər olacaq. Amma əlimizdən gələni edəcəyik. Bu cür yarışların təşkil edilməsi asan iş deyil. Bu yolda Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının bizə köməyi olur. Bildiyiniz kimi, veteranlar da mundialdan öncə bu gün futbol oynayacaqlar. Bu cür tədbirləri daimi olaraq təşkil etmək niyyətindəyik”.
Nəsibov dünya çempionatına lazımi şəkildə hazırlaşdıqlarını söyləyib: “Mundialın Bakıda keçirilməsinin əsas təşəbbüskarı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədovdur. Onun danışıqları nəticəsində dünya çempionatı Bakıya verildi. Maraqlı yarış olacaq. Ev sahibi kimi böyük məsuliyyət altındayıq. Düşünürəm ki, Azərbaycan millisi fiziki və psixoloji olaraq turnirə hazırdır. Hədəfimiz ilk “üçlüy”ə düşməkdir”.
Qurum funksioneri həmçinin bildirib ki, minifutbol üzrə dünya çempionatında uğurlu nəticə qazanacaq Azərbaycan millisi üçün mükafat olacaq: "Bununla bağlı baş məşqçi Elşad Quliyevlə də danışığımız olub. Ancaq bunu ictimaiyyətə açıqlamaq düzgün olmaz".
Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan seçməsi Sloveniya, Mavritaniya və Bəhreyn yığmaları ilə üz-üzə gələcək. Turnir mayın 21-dən iyunun 1-dək davam edəcək.