Misli Premyer Liqasında 1-ci turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün bir qarşılaşma ilə start götürən çempionatın ikinci oyun günündə daha 2 görüş baş tutacaq.
Əvvəlcə "Araz-Naxçıvan" ilə "İmişli" üz-üzə gələcəklər. Qəbələdə keçiriləcək oyun saat 18:30-da başlayacaq. FİFA referisi Əliyar Ağayevin idarə edəcəyi oyun Cavid Hüseynovun "Araz-Naxçıvan"da, Fərid Namazovun isə "İmişli" ilə Premyer Liqada ilk rəsmi sınağı olacaq.
Günə Masazırda yekun vurulacaq. Son çempion "Sabah" "Kəpəz"i qonaq edəcək. Gələn həftəiçi Çempionlar Liqasında "Hapoel Beer-Şeva" (İsrail) ilə pley-off matçı üçün Macarıstana yollanacaq "bayquşlar"ın çempionat oyununa necə heyətlə çıxacağı maraq doğurur.
Premyer Liqanın açılış matçında "Turan Tovuz" "Qəbələ"ni 1:0 hesabı ilə yenib. Dörd günü əhatə edəcək edəcək tur çərçivəsində bazar günü “Sumqayıt” “Neftçi”ni, “Zirə” “Şəfa”nı qonaq edəcək. Avqustun 17-də, ilk turun son oyununda isə “Qarabağ” “Şamaxı” ilə qarşılaşacaq.
Misli Premyer Liqası 1-ci tur 15 avqust
18:30. “Araz-Naxçıvan” – “İmişli” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev. VAR: Nicat İsmayıllı. AVAR: Tərlan Talıbzadə. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Erkin Hüseynov. Qəbələ şəhər stadionu.
20:45. “Sabah” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev. VAR: Rauf Cabarov. AVAR: Elşad Abdullayev. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Zümrüd Ağayeva. Masazır. “Bank Respublika Arena”.