"Maksimin finala vəsiqə qazanması arzuolunandır. Ən pis halda "10-luq"da olmasını istəyirik".
Bunu Fanat.az açıqlamasında üzgüçülük üzrə yığmamızın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib.
Tokio 2020-də iştirak edəcək Maksim Şemberev(400 metrə qarışıq üsulla üzmə) və Məryəm Şeyxəlizadəxangahın(100 metr batterflay) yarışlara hazırlıq prosesi və imkanlarını dəyərləndirən çalışdırıcı, pandemiya şəraitinin idmançılara təsirinə diqqət çəkib:
"İdmançılar Olimpiada öncəsi bir neçə təlim-məşq toplanışı keçib. Hazırlıqları normaldır. Ancaq pandemiya şəraiti yarışa tam planlaşdırdığımız kimi hazırlaşmağa imkan vermədi. Kifayət qədər uzun zamanımızı - 13 ayımızı itirdik.
Maksimin finala vəsiqə qazanması arzuolunandır. Ancaq "10-luğ"a da düşsə, bizim üçün böyük nailiyyət olar. Sadəcə, bir məqam var ki, Tokioya çatdıqdan bir gün sonra Şemberev yarışa çıxmalıdır. Bu, onun çıxışına təsir edəcək deyə, narahatam. Məryəm barədə ümidimiz isə sadəcə şəxsi göstəricisini yaxşılaşdırmaqla bağlıdır. Nəticəsini 59 saniyəyə yaxınlaşdırsa, bu, onun adına ciddi uğur kimi qəbul ediləcək".
Qeyd edək ki, Tokio 2020 23 iyul-8 avqust aralığında keçiriləcək. Üzgüçülərimiz iyulun 24-dən mübarizəyə qoşulacaq.
Sahib Əsədbəyli