Tokio 2020-nin atletika yarışlarının ilk günü rekordla əlamətdar olub.
Fanat.Az xəbər verir ki, qadınların 100 metr məsafəyə qaçışında yamaykalı atlet Elayn Tompson 10,61 saniyə ilə Olimpiadalar tarixinin ən yaxşı nəticəsinə imza atıb.
29 yaşlı Tompson karyerasında üçüncü Olimpiya çempionluğunu bayram edib.
Gümüş və bürünc medalları isə digər yamaykalılar Şelli-Enn Freyzer(10,74) və Şerika Cekson(10,76) qazanıb.
Bu, yamaykalı qadın atletlərin 100 metr məsafəyə qaçışda ilk maksimum nəticəsi deyil. Pekin 2008-də Freyzer birinci olmuşdusa, onun ardınca gələn Şeron Simpson və Kerron Stüartdan hansının finişi ilk keçdiyini müəyyənləşdirmək mümkün olmadığından, hər ikisi gümüş mükafata layiq görülmüşdü. "Bürünc" isə heç kimə verilməmişdi.
Qeyd edək ki, atletika yarışları Olimpiadanın sonunadək davam edəcək.
Sahib Əsədbəyli