Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Rəsmi: Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib. Bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri oyundan sonrakı mətbuat konfransında açıqlama verib.
O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb. Buna komandanın mundialdakı uğursuz çıxışı səbəb olub. Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.
"La Gazzetta dello Sport": "Yuventus"un sabiq kapitanı Del Pyero kluba qayıda bilər. Onun A Seriyası təmsilçisinin meneceri olacağı iddia olunur.
Ancaq Del Pyero qərar verməkdə tələsmir və klubdan bəzi məsələlərdə təminat istəyir. O, klubun gələcəyinə, xüsusən də transfer strategiyasına real təsir və nəzarət istəyir.
Qeyd edək ki, "Yuventus"un rəhbərləri yalan hesabat və pul manipulyasiyası iddiaları fonunda istefaya göndərilib.
Hazırda Los-Ancelesdə yaşayan veteran futbolçu bu iddialara sosial şəbəkə üzərindən münasibət bildirib:
"Yuventus" həyatımın bir hissəsidir. Mən bu rəngləri təmsil etdiyim kimi heç yerdə elə ola bilmərəm. Bütün azarkeşlər kimi mən də vəziyyəti izləyirəm. Həm də işim və bu kimi vəziyyətlərdə ictimai rolum üçün məndən istər-istəməz şərh verməyi xahiş edirlər.
Bu, böyük məsuliyyətdir və biz dəstəyimizi göstərməliyik. "Yuventus"un daha da böyük azarkeşi olmağın vaxtıdır. Ona görə də sonradan spekulyasiyaya çevrilə biləcək hər hansı xəbərə və ağılsız hərəkətlərə münasibət bildirməməyi düzgün hesab edirəm”.
İnsayder Fabritsio Romano, "CaughtOffside": "Portuqaliya ulduz Kriştianu Ronaldu "Əl-Nəsr"dən rekord məbləğdə təklif alıb. Səudiyyə Ərəbistanı təmsilçisi forvarda ilinə 200 milyon avro qazanacağı 2,5 illik müddətinə müqavilə təklif edib. Artıq Ronaldunun hüquqşünasları müqavilənin bütün təfərrüatlarını, eləcə də kommersiya gəlirlərindən bu məbləğə daxil ediləcək miqdarı araşdırırlar. Kriştianunun özünün nə qərar verəcəyi barədə heç bir fikrim yoxdur. Hələ təklifi qəbul etməyib, mən də onun beyninə girə bilmədiyim üçün proqnoz vermək çətindir... Amma təklif var.
Düşünürəm ki, o, Çempionlar Liqasında oynamaq üçün hələ də yüksək səviyyəyə malikdir. Lakin uyğun variant tapmaq lazımdır. Amma qışda bu həmişə çətin olur!"
Röya Kərimli