Cüdo üzrə Azərbaycan çempionatının qadınlar arasında 52 kiloqram çəki dərəcəsində qızıl medalçısı Aydan Vəliyevanın Fanat.Az-a müsahibəsi
- Aydan, ardıcıl ikinci dəfə böyüklər arasında Azərbaycan çempionu oldun. Üstəlik, bu dəfə yeni çəki dərəcəsində. Təssürratlarını öyrənək.
- Çempionat çox maraqlı idman mübarizəsi şəraitində keçdi. Özümə inanırdım və şükürlər olsun ki, istəyimə çatdım. Ardıcıl ikinci dəfə çempion olduğum üçün çox sevincliyəm.
- İl ərzində fərdi şəkildə yeniyetmələrdə Avropa ikincisi, dünya üçüncüsü və Avropa Gənclər Yay Olimpiya Festivalının bürünc medalçısı olmusan. Komanda yarışlarında isə yığmanın heyətində EYOF-un qalibi, dünya ikincisi olub, Avropa çempionatının bürünc mükafatına layiq görülmüsən. Lakin sözügedən yarışlarda 48 kiloda döyüşürdün. Bu qələbəyə nəzərən artıq yeni çəkiyə uyğunlaşdığını demək olar?
- Tam da uyğunlaşdığımı deyə bilmərəm. Amma ən azından, göründüyü kimi, nəticələr yaxşıdır. Daha da yaxşı olmağa çalışacağam.
- Daha əvvəl də bu çəkidə Bakı "Böyük Dəbilqə"sinə qatılıb yeddinci olmuş və beləliklə, 260 reytinq xalı qazanmışdın. Bu, sənin üçün kifayət qədər yüksək nəticə idi. Baxmayaraq ki, yeniyetmələrdən gənclərə hələ qarşıdakı ildə keçəcəksən, hətta Paris-2024 Olimpiadasına lisenziya ümidi kimi təsir bağışlayırsan. Özündə bu inam nə dərəcədədir?
- Qarşıdakı iki ildə əsas məqsədim Olimpiadaya lisenziya qazanmaqdır. Məşqçilər məsləhət bilsə, "Dünya Turu" seriyasından olan yarışlara qatılıb xallarımı artırmağa çalışacağam. Bunu bacara biləcəyimə inanıram.
- Ümumiyyətlə, səni ölkə qadın cüdosunun yeni Kifayət Qasımovası kimi görənlər də az deyil.
- Deməzdim ki, belə fikirləri çox eşidirəm. Amma mənə inananlar var, bu da mənə bir gənc idmançı kimi stimul verir. Məşqçilərin, ətrafımın mənə inamını doğrultmaq üçün əlimdən gələni edəcəyəm.
Sahib Əsədbəyli