Portuqaliya millisinin dünya çempionatının 1/8 final mərhələsində İsveçrəni darmadağın (6:1) etməsi Serbiyada maraqlı reaksiyalara səbəb olub.
Fanat.Az xəbər verir ki, qrup mərhələsində məhz serblərə 3:2 hesabı ilə qalib 1/8 finala adlayan isveçrəlilərin portuqaliyalılara böyük hesabla uduzması sözügedən ölkə mətbuatının manşetlərini bəzəyib:
"Teleqraf": "Yaxşı ki, daha irəli getmədik: Portuqaliya İsveçrəni 6:1 hesabı ilə darmadağın etdi. Dünya Ramosun tamaşasını gördü!"
"Mondo": "Serbiyanı qovdular, peşman oldular! Portuqaliya hətta Kriştianu Ronaldusuz da İsveçrəyə qalib gəldi!"
"Blic": "Ronaldusuz da güc ortadadır! "Benfika"dan gələn möcüzə Portuqaliyanı 1/4 finala çıxardı və İsveçrənin məğlubiyyətini şərtləndirdi. Altı qol və dünyaya mesaj – biz titul üçün hazırıq!".
"Kuryer": "Tamamilə alçalmış isveçrəlilər evə gedir! Amansız portuqaliyalılar İsveçrəni sındırdılar. Xaka və komanda yoldaşları başlarını aşağı salıb çantalarını yığırlar".
“Novosti”: “Xaka və Şakirinin İsveçrəsi mundialdan qovuldu. Portuqaliya yeni ulduzu olduğu üçün Ronaldudan imtina etdi”.
"Alo": “Ramosun het-triki ilə İsveçrənin daşını daş üstə qoymayan qəddar portuqaliyalılar rəqibimizi “ayaqladılar” və onları altı parça yığdılar”.