Qətərdə keçirilən dünya çempionatının ən böyük sensasiyası sayılan Mərakeş yarımfinalda son çempion Fransa ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, beləliklə PSJ-də komanda yoldaşı olan Kilian Mbappe və Əşrəf Hakimi finala vəsiqə uğrunda üz-üzə gələcəklər.
Onlar meydanda tez-tez qarşılaşacaqlar, çünki Hakimi sağ cinahda, Mbappe isə sol cinahda oynayır.
Maraqlıdır ki, internetdə Hakimi ilə Mbappenin DÇ-də qarşılaşacaqlarını proqnozlaşdırması ilə bağlı video yayımlanıb. Söhbət PSJ-nin qış təlim-məşq toplanışı üçün getdikləri Qətərdə çəkilmiş görüntülərdən gedir. Video hətta Mərakeşin DÇ-yə vəsiqə qazanmamışdan əvvəl çəkilib.
Mbappe məşq etdikləri "Qatar Foundation Education City" arenasını təqdim edərək: "Biz burada "Education City"dəyik. 40 min tamaşaçı tutumuna malikdir. Fransa və Tunis burada oynayacaq, inşallah qalib gələcəyik. Sonra Mərakeşlə oynayacağıq (gülür)... Bu o deməkdir ki, mən dostumu məhv etməliyəm" - deyə, Hakimiyə sataşır. Mərakeşli komanda yoldaşı isə sözünü kəsir: "Mən onu sındıracağam".
Qeyd edək ki, Fransa - Mərakeş qarşılaşması dekabrın 14-də, saat 23:00-da baş tutacaq.
Mirağa