Misli Premyer Liqasının XVII turunda keçirilən "Şamaxı" - "Zirə" matçı 0:0 hesabı ilə başa çatıb.
Fanat.Az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov görüşü dəyərləndirib:
“Bu gün iki fərqli hissə izlədik. İlk yarıda passiv idik, ikinci hissədə daha yaxşı oynadıq. Rəqib yaxşı müdafiə olundu, pressinq etdi. Bu səfərdə böyük çətinlik yaşayacağımızı ehtimal edirdim. “Neftçi” ilə görüşdə daha çox güc sərf etdik. İtkilərimiz də var idi. Hücum xəttini gücləndirmək istəyirdik, amma futbolçumuz yox idi. Oyuna başqa “11-lik”lə başlamaq istəyirdim. Səfərdə bir xal qazandıq. Rəqibi də nəzərə almaq lazımdır.
Top itkiləri çox idi. Süni örtüyə adaptasiya olmaq çətindir. Qol vurmadıqca, rəqibin müqaviməti artırdı. Heç-heçə ədalətli nəticə idi.
Həkimlər qərar verdi ki, Mehdi Cənnətov ikinci hissəyə çıxmasın. Futbolçular ciddi olmayan epizodlarda zədələnir. Beş gündə iki vacib oyun keçirəcəyik. Bilirik ki, bu dövr çətinlik törədir. Çalışacağıq ki, hər iki “cəbhə”də uğurlu oynayaq. 3-4 transfer etmək istəyirik. Amma heç kimlə danışığımız yoxdur. Qışda oyunçu keçidi həll etmək çətindir”.