"Kəpəz"də özünü yaxşı tərəfdən göstərən və komandanın əsas qol silahına çevrilən Abdullahi Şuaybu qışda Gəncə klubunu tərk edə bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, nigeriyalı hücumçu ilə "Neftçi" klubu maraqlanır.
Nəzərə alsaq ki, heyətində Qodsvey Donyo və Yeqor Boqomolski kimi legioner forvardlar olmasına rəğmən, komandanın bombardiri mərkəz yarımmüdafiəçisi Emin Mahmudovdur, "ağ-qaralar"ın "vuran ayaq" axtarması başadüşüləndir. Bu mənada Şuaybu paytaxt təmsilçisinin işinə yaraya bilər.
Bundan başqa, icarə əsasında "Jalgiris"də çıxış edən və Ukraynanın "Kolos" klubuna məxsus olan hücumçu Renan Oliveyranın da "ağ-qaralar"ın maraq dairəsinə düşdüyü bildirilir.
"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev bu barədə saytımıza açıqlama verərək xəbəri nə təsdiq, nə də təkzib edib: "Hələ heç bir futbolçu ilə rəsmi danışıqlara başlamamışıq. Odur ki, konkret adlarla bağlı açıqlama verməyim düzgün olmaz. Transfer siyahımızda olan oyunçuların keçidi ilə bağlı razılaşma əldə olunsa, bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, Şuaybu "Kəpəz"in heyətində yarım mövsüm ərzində 7 qol (6-sı çempionatda, 1-i kubokda) vurub.
Mirağa