“Neftçi” qapıçısı İvan Brkiçə yeni müqavilə təklif edəcək.
Fanat.Az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.
27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan “ağ-qaralar” onu buraxmaq niyyətində deyil.
Qeyd edək ki, bu ilin yanvarından “Neftçi”də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.
Yeri gəlmişkən, Brkiç evdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu barədə də ölkəsinin mətbuatına açıqlama verib. “Ağ-qaralar”ın 7 ildir sözügedən titulu qazana bilmədiyini xatırladan xorvatiyalı qolkiper bu mövsüm tilsimi qırmaq istədiklərini gizlətməyib: “Bunun üçün olduqca motivasiyalıyıq. Əsas favoritlər olan “Qarabağ”la “Sabah” mübarizəni dayandırdı. Düşünürəm ki, kuboku qazanmaq üçün əla şansımız var”.
Xatırladaq ki, paytaxt klubu ilk matçda rəqibinə 0:1 hesabı ilə uduzsa da, ev qələbəsi sayəsində yarımfinala adlayıb. “Neftçi” yarımfinalda “Turan Tovuz”la qarşılaşacaq.