Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sky Sports News": "Atletiko Madrid"in hücumçusu Mateus Kunya "Vulverhempton"a keçidə hazırlaşır. Braziliyalı futbolçunun tezliklə tibbi yoxlanışdan keçəcək. İngiltərə klubunda icarə əsasında çıxış edəcək Kunyanın keçidi 40 milyon avroya başa gələcək. Onun 4 yanvarda "Aston Villa" ilə görüşdə yeni komandasında debüt edəcəyi gözlənilir.
"Football Insider": Argentina millisinin heyətində dünya çempionu adı qazanan Emiliano Martines İngiltərə nəhənginin hədəfindədir. 30 yaşlı qapıçı "Mançester Yunayted"in maraq dairəsindədir. Komandanın hazırki qapıçısı David De Xeanın müqaviləsi gələn ilin yayında başa çatacaq. Qapıçı axtarışında olan "qırmızı şeytanlar" üçün ideal variant dünya çempionu Martinesdir. Ancaq onun klubu "Aston Villa" ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir. Bu səbəbdən Martinesin keçidi elə də ucuz başa gəlməyəcək. Lakin mundialın "Qızıl əlçəy"inin sahibi özü də komandasını dəyişmək niyyətindədir. Çünki "Aston Villa"nin baş məşqçisi Unai Emeri ilə münasibətləri elə də yaxşı deyil.
"Abendzeitung München": "Bayern Münhen" yeni hücumçu almağı gələn yaya planlaşdırır. Artıq Bundesliqa təmsilçisinin siyahısında kimlərin olduğu da bəlli olub. Bunlar "Tottenhem"dən Harri Keyn, Münhenqladbax "Borussiya"sından Markus Türam və "Verder"dən Niklas Füllkruqdur. Məşqçilər heyəti mövsümün sonuna qədər Tomas Müller və Erik Şupo-Motinqi hücumda oynatmağı planlaşdırır. Baş məşqçi Yulian Naqelsman hücumameyilli yarımmüdafiəçi Camal Musialanı "10"luqda oynatmaq üçün belə addım atacaq.
Röya Kərimli