Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edərək xəbər verib ki, "Çelsi" "Monako"nun müdafiəçisi Benya Bedyaşilyanı heyətinə qatmağa hazırlaşır. Hazırda klublar arasında danışıqlar gedir. Fransa millisində debüt edən 21 yaşlı futbolçunun transferi 35-40 milyon avro aralığında dəyərləndirilir.
"Marca": "Atletiko" yeni transfer gerçəkləşdirəcək. Madrid klubu qış fasiləsində ispaniyalı hücumçu Borxa İqlesiası sıralarına qatacaq. La Liqanın cari mövsümündə səkkiz qol vuran İqlesias çempionatın bombardiri siyahısında Vedat Muriki ilə 2-3-cü yerləri bölüşür. Hücumçunun "Betis"lə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.
"Lequipe": Belçikanın Jüpiler liqa təmsilçisi OHL (Oud-Heverlee Leuven) klubunda çıxış edən hücumçu Musa Əl-Tamari Fransa "Nant"ı ilə danışıq aparır. "İordaniyalı Messi" ləqəbli forvardın müqaviləsinin müddəti altı ay sonra başa çatacaq. Bu səbəbdən belçikalılar 25 yaşlı futbolçunu 2,2 milyon avroya "Nant"a satmağa razıdır.
"Todo Fichajes": "Sevilya" "Marsel"in hücumçusu Bamba Dyenqlə anlaşmağa yaxındır. Artıq futbolçunun agenti ilə Əndəlus komandası arasında təmaslar baş tutub. Fransa klubu seneqallı forvardı üçün 10 milyon avro tələb edir.
Mirağa