Xəbər verdiyimiz kimi, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibləri – Albaniyanın “Skenderbeu” klubunun Rusiya “Volqa”sı ilə oyunun izləyib. Azerisport.az saytına müsahibəsində o, albanların 0:2 hesabıyla uduzduğu görüşlə bağlı bunları söyləyib:
“Skenderbeu” kifayət qədər yaxşı komandadı. Ölkə çempionudu, heyətində xeyli güclü futbolçular cəmləşib. Albaniya çempionu ilə oyuna ciddi hazırlaşmağımız lazımdı. Futbol elə oyundu ki, autsayderə qarşı çox arxayın oynayıb, uduza da bilirsən. Hər şeyə rəğmən, biz növbəti mərhələyə vəsiqənin taleyini elə ilk oyunda həll etməliyik”.
Qeyd edək ki, “Neftçi” “Skenderbeu”ya qarşı ilk oyununu iyulun 16-da Bakıda keçirəcək. Cavab görüşü isə bir həftə sonra Albaniyada baş tutacaq.
İdman24.az