Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato": "Liverpul" "Napoli"nin hücumçusu İrvinq Losanonu transfer etməyə çox yaxındır. Klub rəhbərliyi keçidi yanvarda reallaşdırmağa çalışır. Dioqu Jota və Luis Diasın zədəli olması səbəbilə "Liverpul" meksikalının transferini tezləşdirmək niyyətindədir.
"Readfootball": "Atletiko Madrid"in baş məşqçisi Diyeqo Simeone Joau Feliksi buraxmaq istəmir. Portuqaliyalı futbolçu əsas heyətə düşə bilmədiyi üçün komandadan getmək fikrində idi. Lakin argentinalı mütəxəssis dünya çempionatı zamanı Joaunun çıxışını bəyənib və ona əsas heyətində şans vermək niyyətindədir. Bu barədə Simeone özü məlumat verib.
"Bizim yaxşı əlaqələrimiz var. O, komanda üçün vacib oyunçudur. Əgər Feliks dünya çempionatındakı çıxışını komandada da sərgiləsə, əsas oyunçulardan biri olacaq. O, çox istedadlıdır və komandanın Joanun bu keyfiyyətlərinə ehtiyacı var", - deyə Diyeqo Simeone bildirib.
"Daily Mail": "Nyukasl" yanvarda "Çelsi"nin yarımmüdafiəçisi Jorjinyonu heyətinə qatmaq niyyətindədir. İtaliya millisinin 31 yaşlı üzvü 6 ay sonra klubunu tərk edəcək. "Sağsağanlar" azad agent olacaq futbolçunu addım-addım izləyirlər. Jorjinyo "Yuventus"un da maraq dairəsindədir.
Komandanı gəncləşdirmək niyyətində olan "Çelsi" rəhbərliyi və baş məşqçi Qrem Potter diqqətini "Benfika"nın futbolçusu Entso Fernandesə yönəldib. Bu səbəbdən Jorjinyo ilə yeni sözləşmə imzalanağı real görsənmir.
Röya Kərimli