Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" klubunda gərgin ab-hava hökm sürür.
Fanat.Az xəbər verir ki, klubun keçmiş prezidenti Zdravko Mamiç hazırki rəhbərliyi, o cümlədən baş məşqçi Ante Çaçiçi kəskin tənqid edib.
"24sata.hr" özünü "ağır artileriya" adlandıran, hazırda Bosniya və Hersoqovinada yaşayan Mamiçin açıqlamasını yayıb. O, "Dinamo"da iki vəzifəni icra edən Ante Çaçiçin həm baş məşqçi, həm də idman direktoru postunu tutmaq üçün çox yaşlı olduğunu deyib.
Emrelinin baş məşqçisinin cavabı özünü çox gözlətməyib. O, "Qoritsa" ilə sabah keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bu barədə danışaraq klanlararası çəkişmədə tərəfsiz olduğunu bildirib və Mamiçə özünəməxsus cavab verib:
"O haqqımda "Ömrünün səkkizinci onilliyində olan Çaçiçin buna nə həvəsi, nə də gücü var" deyib. Əvvəla, hələ səkkizinci onilliyimdə deyiləm, onun kimi yeddinci onluğu tamamlamamışam. Həvəsimə və gücümə gəlincə, ola bilsin Mamiçdən fərqli olaraq yeni ailə qurmaq üçün enerjim yoxdur".
Qeyd edək ki, Zdravko Mamiç 2008-ci ildə 17,3 milyon dollar mənimsəməkdə və 1,8 milyon dollar dövlət vergisini ödəməməkdə ittiham edilib. Qardaşı Zoranla birgə maliyyə pozuntularına görə 6 il yarım 4 il 8 ay müddətinə cəzalanıblar. Amma Mamiç 2018-ci ilin iyununda birinci instansiyanın hökmü elan edilməzdən əvvəl Bosniya və Herseqovinaya qaçıb. Qardaşlar cəzalarını Bosniya və Herseqovinada çəkmələrini xahiş edirlər.
Mirağa