Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb"də gərginlik yaşanıb.
Fanat.Az "Gol.dnevnik"ə istinadən xəbər verir ki, komandanın kapitanı Arijan Ademi ilə rəhbərlik arasında münaqişə baş verib.
Xarici klublardan sərfəli təkliflər alan 31 yaşlı yarımmüdafiəçi bazaya yollanaraq "Dinamo"dan ayrılmaq istədiyini bildirib və istəyi yerinə yetirilmədiyi üçün buna kəskin reaksiya göstərib.
"Dinamo"nun mətbuat xidməti bu barədə rəsmi saytı vasitəsilə bəyanat yayıb: "Bəribaşdan bildiririk ki, kapitan Arijan Ademi ilə rəhbərlik arasında heç bir münaqişə olmayıb.
Həqiqətən də Ademi bu gün klubun binasında olub, xaricdən müəyyən klubların onun transferində maraqlı olduğu barədə məlumatı çatdırmaq üçün rəhbərlik və idman sektorunun rəsmiləri ilə görüşüb.
Bundan sonra klub rəhbərliyi idman direktoru və məşqçi ilə birgə yekdilliklə kapitan Arijan Ademinin “Dinamo”da qalması lehinə mövqe bildirib və əsas komandanın kapitanı ilə yeni müqavilə imzalaması təklif olunub“.
31 yaşlı yarımmüdafiəçi Ademi "Dinamo"da 351 oyun keçirib və 39 qol vurub, 29 məhsuldar ötürmə edib. O, 2010-cu ildən bu klubdadır.
Mirağa