Bu gün Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə səkkiz Azərbaycan cüdoçusu çıxış edəcək.
Kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Turan Bayramov Xuan Ayalla (Ekvador) - Tumiso Futeqo (Botsvana) cütünün qalibi ilə qarşılaşacaq. Eyni çəkidəki Nazir Talıbov Daniel Leutqe (Avstriya) ilə üz-üzə gələcək.
Yaşar Nəcəfov (66 kq) Bruno Bento (Portuqaliya) - Vail Ezzin (Əlcəzair) duelinin qalibi ilə tatamiyə çıxacaq.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) startda Mariya Selia Labord (ABŞ), eyni çəkidəki Könül Əliyeva argentinalı Keysi Perafanla mübarizə aparacaq.
Gültac Məmmədəliyeva (52 kq) monqolustanlı Nandin-Erdene Myaqmarsurenlə görüşəcək.
Aydan Vəliyevanı (52 kq) Ana Pereslə (İspaniya) görüş gözləyir.
Nəhayət, Fidan Əlizadə (57 kq) niderlandlı Pleyun Kornelislə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan Qran-Priyə 16 cüdoçu ilə qatılıb. Turnir yanvarın 29-dək davam edəcək.