Danimarkanın "Hobro" klubunun vingeri Lusius Don Didsonun "Qarabağ"a transferinin baş tutmayacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Bold.dk" yayıb.
Mənbə 22 yaşlı vinger karyerasını Skandinaviyada davam etdirmək istədiyi üçün "köhlən atlar"a "yox" dediyini vurğulayıb. Haitili oyunçunun Ağdam təmsilçisinin yüksək maaş fonunda uzunmüddətli müqavilə təklifini geri çevirdiyi bildirilib.
Məlumatla bağlı "Qarabağ"ın rəsmi mövqeyini öyrənməyi vacib saydıq. Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin açıqlaması belə oldu:
"Ola bilsin ki, Don Didson bizə təklif edilən futbolçular siyahısında olub. Ancaq "Qarabağ" bu futbolçuya maraq göstərməyib, onun transfer edilməsi ümumiyyətlə planlaşdırılmayıb".
Qeyd edək ki, 2019-cu ildən "Hobro"da çıxış edən Don Didsonun klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.
Nihat