"Çelsi" "Benfika"nın 22 yaşlı yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatmaq cəhdlərini davam etdirir. Argentinalı ulduzun keçidi reallaşarsa, İngiltərə Premyer Liqasının transfer rekordu qırılacaq.
Fanat.Az xəbər verir ki, qış transfer dövründə aldığı 7 oyunçu üçün 208,5 milyon avro ödəyən "Çelsi" bununla kifayətlənmək niyyətində deyil.
Cari "futbol ili"ndə çempionluq mücadiləsindən uzaq düşən və gələn mövsümün heyətini qurmaq üçün hərəkətə keçən "zadəganlar" "Benfika"nın argentinalı yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatmaqda israrlıdır.
Qış fasiləsində gənc adlara üz tutan paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün cəhdlər etsə də, indilik arzusuna çatmayıb. İngiltərə mətbuatında yer alan xəbərə görə, londonlular futbolçunun 120 milyon avroluq sərbəst qalma ödənişindən imtina edib. Əvəzində "göylər" bu məbləği 3 dəfəyə ödəmək təklifi irəli sürsə də, qarşı tərəflə ortaq məxrəcə gələ bilməyiblər. "Çelsi"nin inadını görən Portuqaliya klubunun rəhbəri Rui Koşta 22 yaşlı futbolçuya yeni müqavilə təklif edərək sərbəst qalma haqqını 150 milyon avroya yüksəltməyi hədəfləyir.
İngiltərədə qış transfer pəncərəsinin bitməsinə 48 saatdan az vaxt qalıb. Əgər "Çelsi" müqavilənin ləğvi haqqını ödəyərək ara transfer dövründə Fernandeslə müqavilə imzalasa, bu keçid liqanın rekordu olacaq.
Qeyd edək ki, İngiltərə klublarının bir oyunçu üçün ödədiyi ən yüksək transfer haqqı 2021-ci ilin avqustunda qeydə alınıb. Həmin vaxt "Mançester Siti" "Aston Villa"dan Cek Qrilişi 117 milyon avroya alıb.
Rafael