"Beşiktaş" Super Liqanın 22-ci turunda "Fatih Karagümrük"ün qonağı olacaq.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” “Karagümrük”ü məğlub edərək qələbə seriyasını 6-ya çatdırmağı hədəfləyir. Bundan əvvəl İstanbul nəhəngi son çempion olduğu 2020/21 mövsümündə ardıcıl 6 matçda qalib gəlməyi bacarmışdı.
Cari mövsüm keçirdiyi 19 matçda 11 qələbə, 5 heç-heçə və 3 məğlubiyyəti olan "Beşiktaş" 38 xalla 4-cü pillədə qərarlaşıb.
Super Liqanın geridə qalan hissəsində oynadığı matçların 5-də qalib gələn, meydanı 7 heç-heçə və 7 məğlubiyyətlə tərk edən "Fatih Karagümrük" 22 xalla 10-cu sırada mövqe tutub.
Raşid Qezzal və Jozef de Souza oynamayacaq
"Ağ-qaralar"ın 2 oyunçusu 22-ci turu buraxmalı olacaq. Müalicəsi davam edən Raşid Qezzal və hələ də zədəli olan Jozef de Souza heyətə qatıla bilməyəcəklər.
“Alanyaspor”la matçda zədələnən Salih Uçanın sabah meydana çıxacağı da gözlənilmir.
"Beşiktaş"da Valentin Rozye, Romen Saiss və Neytan Redmond vərəqə cəzasını tamamlayıb. Baş məşqçi Şenol Güneş şans verərsə, bu 3 futbolçu "Fatih Karagümrük"ə qarşı oynaya biləcək.
"Qara qartallar"ın 3 futbolçu sarı vərəqə limitindədi.
Cenk Tosun, Artur Masuaku və Jedson Fernandeş sabah baş hakimin "radar"ına tuş gəlsələr, növbəti həftədə "Sivasspor"la səfər matçında meydana çıxa bilməyəcəklər.
İki komanda arasında 14-cü görüş
"Beşiktaş" Super Liqada 14-cü dəfə "Fatih Karagümrük"lə qarşılaşacaq.
İki komanda arasında keçirilən 13 matçın 9-da "ağ-qaralar", 2-də isə "Fatehin nəvələri" qalib gəlib. 2 görüş isə heç-heçə başa çatıb.
Adıçəkilən matçlarda “Beşiktaş” 30, "Fatih Karagümrük" isə 11 qol vurub.
"Ağ-qaralar" liqada "qırmızı-qaralar"la son 3 matçdan qalib ayrılıb.
Bukmeker kontorları 4-cü dəfə də "Beşiktaş"ın meydandan qalib ayrılacağına inanır. Belə ki, xarici kontorlar "qara qartallar"ın qələbəsinə 1,97, "sülh"ünə 3,80, məğlubiyyətinə isə 3,90 əmsal təklif edir.
Qeyd edək ki, "Atatürk Olimpiya Stadionu"nda reallaşacaq qarşılaşma saat 21:00-da başlayacaq. Matç "beIN Sports 1" kanalında canlı yayımlanacaq.
Rafael