Futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci turun oyunlarına yekun vuruldu.
Maraqlıdır ki, bu tur keçirilən qarşılaşmaların heç birində heç-heçə qeydə alınmadı. Bu da ondan xəbər verir ki, tərəflər bir-birinə qarşı güzəştsiz mübarizə apardı. Liderlər qrupunda dəyişiklik baş verməsə də, turnur cədvəlinin “zirzəmisində” yerdəyişməyə şahid olduq. Prinsipial görüşdə “Kəpəz”i məğlub edən “Səbail” sonuncu pilləni də Gəncə təmsilçisinə təhvil verdi.
“Sumqayıt” – “Turan Tovuz” 2:1
Qollar: T.Todoroski, 28. K.Abubakar, 48 - R.Eva, 39.
"Sumqayıt": 13. Aydın Bayramov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Kərim Abubakar, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 24. Elşən Abdullayev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə.
Baş məşqçi: Samir Abasov.
"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Yeni transferlərlə güclənməyə çalışan “Sumqayıt” doğma meydanda “Turan Tovuz”u üstələdi. Bu qarşılaşma hər iki komanda üçün prinsipial sayılırdı. Riad Rəfiyevdən incik düşən Ayxan Abbasov bir daha ona əsl gücünü göstərməyi arzulayırdısa, Samir Abasov qışda komandaya əl gəzdirdiyini, heyətə yeni nəfəs gətirdiyini göstərməliydi. Özü də bu qarşılaşma Abasovun 45-ci doğum günü ərəfəsində keçirilirdi. Bu mənada demək olar ki, yetirmələri baş məşqçiyə doğum günü hədiyyəsi edə bildi.
Todorski və Abubakarın vurduğu qollara Evanın verdiyi cavab yetərli olmadı və meydan sahibləri 2:1 hesablı qələbəyə sevindi. 3 xal sayəsində “Sumqayıt” “Şamaxı”ya bir qədər yaxınlaşdı. 15 xallı “Sumqayıt” 8-ci sırada qərarlaşıb. 17 xalı olan “Turan Tovuz” isə 6-cı sırada qalsa da, artıq ilk “beşlik”dən xeyli uzaqlaşıb.
“Qarabağ” – “Şamaxı” 3:1
Qollar: Musa Qurbanlı, 22, Qara Qarayev, 46, Leandro Andrade, 63 - Bahadur Həziyev, 81.
“Qarabağ”: 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 2. Qara Qarayev (k) 77. Ramil Şeydayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 9. Musa Qurbanlı 29. Marko Veşoviç 10. Abdullah Zubir 8. Marko Yankoviç 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili 20. Riçard Almeyda 5. Maksim Medvedev 4. Rahil Məmmədov 27. Toral Bayramov 90. Nəriman Axundzadə 81. Kevin Medina 87. Adama Diakabi 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Şamaxı”: 1. Rəşad Əzizli (k) 90. Əli Səmədov 15. Emin Zamanov 16. Fuad Bayramov 5. Rəhman Daşdəmirov 2. Rauf Hüseynli 11. Kamran Quliyev 22. Elçin Mustafayev 83. Nihad Quliyev 18. Cəlal Hüseynov 79. Emil Qasımov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Sahib Həsənov 9. Amil Yunanov 8. Kamal Mirzəyev 17. Elçin Rəhimli 27. İbrahim Aslanlı 70. Bahadur Həziyev 7. Asim Əlizadə 21. Qurban Səfərov 23. Rövşən Şahmuradov 80. Zahid Mərdanov 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli
“Turan Tovuz”un bəxti onda gətirdi ki, bu tur “Şamaxı” “Qarabağ”la qarşılaşdı və gözlənildiyi kimi, görüşdən məğlub ayrıldı. Kadinin ardınca Ovusunu da yola salan “Qarabağ” öz gücünü bir daha göstərdi. 3:1 hesablı qələbəyə sevinən “köhlən atlar” həm də bu legionerləri olmadan da qarşısıalınmaz olduğunu isbatlaya bildi. Musa Qurbanlının hesabı açdığı oyunda Qara Qarayevlə Andrade də fərqləndi. “Şamaxı”nın təsəlli qoluna isə Bahadur Həziyev imza atdı. Amma buna qədər “Şamaxı” azarkeşlərini üç dəfə məyus etmişdi. Bahadurun 81-ci dəqiqədə vurduğu qol zəif təsəllidən başqa heç nəyə yaramadı.
56 xallı “Qarabağ” inamla liderliyini davam etdirir. Yeddinci pillədə qalan “Şamaxı”nın isə 16 xalı var. Yeri gəlmişkən, hesabı açan Musa Qurbanlı qollarının sayını 14-ə çatdırdı.
“Səbail” – “Kəpəz” 1:0
Qol: Franko Mazurek, 77.
“Səbail”: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 20. Mirəli Əhmədov, 27. Emil Martinov
Baş məşqçi: Şahin Diniyev
“Kəpəz”: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov
Mazurekin 77-ci dəqiqədə vurduğu qol “ASCO Arena”da yeganə oldu və “Səbail” prinsipial görüşdə “Kəpəz”i üstələdi. Az öncə qeyd etdiyimiz kimi, bu qələbə sayəsində “Səbail” sonuncu pillədən də qurtulmağı bacardı. Bu da Şahin Diniyev üçün zəif təsəlli sayıla bilər. “Kəpəz” isə çoxdandır ki, qələbəyə həsrət qalıb. Gəncəli azarkeşlərdən birinin Bayıl qəsəbəsində bıçaqalanması isə məğlubiyyətdən korlanan əhvalları daha da pisləşdirdi. Yaxşı ki, ayağından bıçaqalanan fanatın sağlıq durumunda ciddi problem yoxdur.
Qarşılaşmada 3 xala sevinən tərəf “Səbail” olsa da, qonaq komandanın daha yaxşı göründüyünü də qeyd etməliyik. Sadəcə, “Kəpəz”in futbolçuları həlledici məqamlarda dəqiq zərbə vurmağı, soyuqqanlı davranmağı bacarmırdılar. İndi bu komandaların hər ikisinin 13 xalı var. “Səbail” topların daha yaxşı fərqinə görə 9-cu, “Kəpəz” isə 10-cu sıradadır.
“Qəbələ” – “Sabah” 0:3
Qollar: Davit Volkov, 60, Con İrasabal, 70, Coy Lens Mikels, 89.
Qırmızı vərəqə: Ruan Renato, 28.
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
28-ci dəqiqədə Ruan Renatonun meydandan qovulmasıyla azlıqda qalan “Qəbələ” güclü “Sabah”la oyunda müqavimət göstərməyə çalışdı. Amma bu müqavimət də 60-cı dəqiqədə sona çatdı. Davit Volkovun hesabı açmasından sonra “Qəbələ” hər 10 dəqiqədən bir qapısında qol gördü və sonda 0:3 hesablı məğlubiyyətlə barışdı. Ötən tur Gəncədə xal itirən “Qəbələ”nin turlar irəlilədikcə vəziyyəti pisləşir, komandanın medal qazanmaq şansı azalır. “Sabah” isə qış fasiləsindən sonra həm qələbələri sıralayır, həm də qapısını toxunulmaz saxlayır. Xalını 49-a yüksəldən masazırlılar “Qarabağ”ı inamla təqib edirlər. Cəmi 26 xalı olan “Qəbələ” isə 5-ci sıradadır.
“Neftçi” – “Zirə” 1:0
Qol: Voyislav Stankoviç, 52.
Qırmızı vərəqə: Donald Gerye, 75.
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 96. Donald Gerye, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 19. Vladislav Kulaç, 70. İssa Cibrila, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
Ötən tur “Sabah”a müqavimətsiz təslim olan “Neftçi” “Zirə”yə də uduzsaydı, ikincilik şanslarını daha da pisləşdirəcəkdi. Bununla da komandanın daxilində əhval-ruhiyyə daha da pisləşəcək, azarkeşlərlə münasibətlər bir qədər də korlanacaqdı. Yaxşı ki, Stankoviçin 52-ci dəqiqədə vurduğu zərbə bir qədər də kuryoz şəkildə qapıya getdi. Həmin qol oyunda yeganə oldu və “ağ-qaralar” “Zirə”ni minimal hesabla üstələdi. “Zirə”nin olan-qalan ümidlərinin üzərində Gerye xətt çəkdi. Haitili futbolçu gərəksiz yerə qırmızı vərəqə almaqla komandasının vəziyyətini daha da pisləşdirdi. Azlıqda qalan “Zirə” “Neftçi”yə cavab verə bilmədi və minimal hesablı məğlubiyyətlə barışdı.
Aktivində 41 xalı olan “Neftçi” 3-cü pillədə qərarlaşıb və “Sabah”dan səkkiz qal geri qalır. Bununla belə “ağ-qaralar” “Zirə”ni 10 xal qabaqlayırlar. Qəsəbə təmsilçisinin topladığı xal sayı 31-ə bərabərdir. Onlar bu xalın sayəsində 4-cü sırada yer alıblar.
Amal Abuşov