Futbol üzrə Azərbaycan Premyer Liqasının XXI turunda "Kəpəz" öz meydanında "Qarabağ"ı qonaq edib.
Fanat.Az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov matçdan sonra "CBC Sport" telekanalına açıqlamasında 1:1 hesabı ilə başa çatan görüşü dəyərləndirib:
"Futbolçuları belə oyunlarda motivasiya etmirsən, özlərində motivasiya olur. Biz hələ bəlkə də olduğumuz mövqedə deyildik. Hər oyun baxımlı futbol nümayiş etdiririk. Düzü, "Qarabağ" kimi komandaya qarşı açıq futbol oynaya bilməzdik. Amma çox qapanmaq da olmazdı. Çalışdırdıq ki, "Qarabağ"ı öz silahı ilə vuraq, yəni topa nəzarət edərək əsk hücumlar quraq. Bunun da öhdəsindən gəldik. Komanda xal qazanmaq üçün daha çox əzmkarlıq göstərdi, daha çox istəkli idi. Həmişə futbolçulara deyirəm ki, komandaların adı var, ola bilər uğurlu çıxış etsin, amma hər bir halda istək daha önəmlidir. Bu gün kim daha çox istəkli olsa, o qazana bilər. Nəticə baxımından hər iki komanda xal qazandı, amma ümumiilikdə məni çox sevindirən məqam komandanın hər iki hissədə nizamlı oyuna üstünlük verməsi oldu. Xal qazanmaq üçün hər top uğrunda mübarizə apardılar. "Qarabağ" kimi komandadan bu gün 1 xal qazanıb turnir cədvəlindəki yerimizi möhkəmlətdik. Belə oyunlarda xallar "qızıl xallar"dır. Qarşıdakı matçlarda da belə çıxışımızın davamını gətirməyə çalışacağıq. Belə oyunlar qarşıdakı matçlar üçün motivasiyadır. Futbolçularıma təşəkkür edirəm. Gözəl, nizamlı, mübariz oyun sərgilədilər. gözəl qol vurduq. "Kəpəz" sevərlərə də dəstəkləri üçün təşəkkür edirəm.
51 yaşlı mütəxəssis "Kəpəz"in penaltisinin ləğv edilməsinə də münasibıt bildirib: "Tədricən VAR sisteminə uyğunlaşırıq. Vurulan qollar, penalti, oyundakənar epizodlarına baxmaq vaxt tələb edir. Hər an belə hadisələrin baş verəcəyini bilirik. Ona görə də təmkinlə, soyuqqanlı şəkildə bunları qəbul edirik. Düzdür, futbolun gözəlliyi həyəcandadır. Ancaq indi də VAR sisteminə həyəcan keçiririk. Görəsən sayılacaq, ya sayılmayacaq deyə...(gülür)... Amma ümumilikdə artıq buna da öyrəşmişik, qəbul etməliyik".