"Kəpəz" mövsümün yekunlarına əsasən, Azərbaycan Premyer Liqasında sonuncu olacağı halda, Birinci Diviziona göndəriləcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, uzun fasilədən sonra elitaya gətirilən bölgə klubuyla bağlı AFFA-nın qərarı belədir.
Futbol qurumu "Şamaxı", "Səbail" və ya "Sumqayıt" kimi turnir cədvəlinin "zirzəmi"sində qərarlaşan klublara deyil, məhz Gəncə təmsilçisinə qarşı radikal mövqe tutub ki, bunun da səbəbi bəllidir. Stadion və digər infrastrukturlarla bağlı ciddi problemləri olan, hələ də avtobus ala bilməyən "Kəpəz"in mövcud çatışmazlıqları aradan qaldırana qədər aşağı liqada bir neçə mövsüm keçirməsi planlaşdırılıb. Qərb komandasının azarkeşlərinin tələbkarlığı, AFFA-nın bu kluba təyin etdiyi kadrların ciddi təzyiq altında işləmək məcburiyyətində qalması da assosiasiya məmurlarının fikrini dəyişməsini şərtləndirən amillərdəndir. Hədəf isə Nizami yurdunun təmsilçisinin əvəzinə "Araz Naxçıvan"ın Premyer Liqaya gətirilməsidir. Yuxarıda sadaladığımız səbəblər üzündən Naxçıvan təmsilçisinin digər autsayderlərin yox, yalnız gəncəlilərin yerinə sahib çıxması nəzərdə tutulub.
Düzdür, AFFA-nın baş katibi Sərxan Hacıyev bu yaxınlarda APL-də sonuncu olacaq kollektivin aşağı liqaya yuvarlanacağını deyib. Ancaq Hacıyevin açıqlaması formal xarakter daşıyır. Yəni "Şamaxı", "Sumqayıt" və ya "Səbail" hamıdan zəif nəticə göstərəcəyi təqdirdə, Birinci Diviziona göndərilməyəcək.
Nihat