Azərbaycan çempionatının böyük maraqla gözləninlən 22-ci turunun mərkəzi oyunu "Qarabağ"la "Sabah" arasında olacaq.
Fanat.Az xəbər verir ki, “köhlən atlar” Masazır təmsilçisini doğma meydanında - "Azərsun Arena"da, saat 17:00-da qəbul edəcək. Sözügedən qarşılaşma hər iki tərəf üçün prinsipial xarakter daşıyır. "Sabah" çempionluq yolunda ən böyük maneəsi olan ağdamlılarla işini sabaha saxlamaq fikrində deyil. Beş xallıq fərqi aralarındakı oyunlarda “əritmək” masazırlıların məlum hədəfidir. Avropa fatehləri isə əksinə, boynunun arxasında hiss etdiyi nəfəsdən bir qədər də uzaqlaşmaq istəyir. Qazanılan bir xal belə, çempionluq çayını bal kimi şirin edəcək. "Qarabağ" həm də 5 gün sonra Konfrans Liqasının 1/16 final mərhələsində tarix yazmaq niyyətindədir. "Sabah"la oyunda hansısa zədə Qurban Qurbanovun planlarını poza bilər. Məhz bu səbəb və Belçika təmsilçisinin "Qarabağ"ın son oyununu izləmək ehtimalı heyətdə müəyyən rotasiyaların olacağını da istisna etmir.
Bu tip duellərdə statistika da oxuculara, azrkeş və futbolsevərlərə maraqlı olur. Odur ki, yaxın keçmişə - son 10 oyunluq göstəricilərə nəzər saldıq:
Ümumilikdə 30 qol qeydə alınıb. Statistika 23 dəfə masazırlıların, 7 dəfə ağdamlıların oyuna mərkəzdən başladığını deyir. Meydandan 8 məğlubiyyətlə ayrılan "Sabah", 2 heç-heçəyə sevinə bilib. Sonuncu - 13.11.2022-ci ildə keçirilən oyunu (0:0) nəzərə almasaq, qalan 9 qarşılaşmada "Qarabağ" bu rəqibinin qapısına yol tapıb. "Sabah"ın isə "cavab atəşi"nin sayı 5-dir. Masazır təmsilçisi 2 dəfə darmadağına üzülüb: 1-5; 0:4. Tərəflər arasında ən məhsuldar oyun ötən ilin sentyabr ayında baş tutub: 7 qolluq oyundan "Qarabağ" qalib ayrılıb - 4:3.
Statistika cəzalarda "Sabah"ı lider göstərir.
Son 10 oyunda 3 dəfə 11 metrlik cərimə zərbəsindən qol qeydə alınıb. Hər üç qərar "Qarabağ"ın lehinə olub.
Göstərilən aralıqda hakim tərəflərə 37 dəfə xəbərdarlıq (sarı kart) edib. Bunlardan 14-ü ağdamlıların, 23-ü Masazır təmsilçisinin payına düşüb. Hər iki komandada 1 dəfə olmaqla, 1-ci xəbərdarlığı 2-ci "sarı"ya çevirən olub - Patrik Andrade və Abdulaye Ba. Birbaşa "qırmızı"ya tuş gələn isə "Sabah"dan Xulio Sesar Rodrigesdir.
Sadalananların sadəcə, statistika olduğunu unutmayaq! Qalibi yuxarıdakı göstəricilər müəyyənləşdirmir. Ser Aleks Ferqyusonun təbirincə desək, statistika qısa ətək kimidir. Çox şeyi göstərir, amma hər şeyi yox.
Əli Sahib