Sabah keçiriləcək "qərb derbisi" ərəfəsində "Kəpəz"in düşərgəsində gərginlik hökm sürür.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən axşam klubun bazasında dava düşüb.
Buna səbəb "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədovun klubun aşağı yaş qrupundan ibarət komandalarının çalışdırıcılarını məşqə buraxmaması olub. Əhmədov onlara əsas komandanın məşqçinə baxmağa imkan verməyib və bunu belə əsaslandırıb ki, onun oyunöncəsi taktikası rəqib düşərgələrə ötürülür.
Bu ittiham yerli məşqçilərin xoşuna gəlməyib və mübahisə əlbəyaxa həddinə çatıb. Əhmədovu vurmağa çalışan məşqçilərdən birinin qarşısını əsas komandanın köməkçi məşqçisi Ceyhun Tanrıverdiyev alıb. Hətta yumruq zərbəsinin ona dəydiyi bildirilir.
Mübahisədən klub rəhbərliyi də xəbər tutub və icraçı direktor İlqar Nadiri davanın iştirakçıları ilə görüşüb. Tərəflər sakitliyə dəvət olunsa da, "Turan Tovuz"la oyun Tərlan Əhmədov üçün son matç ola bilər. Gəncəlilər onun istefasını tələb edir.
Qeyd edək ki, bu "Kəpəz"də ilk qalmaqal deyil. Bir müddət əvvəl Tərlan Əhmədovla əvəzedici komandanın baş məşqçisi Xaliq Mərdanov arasında da dava düşmüşdü.
Mirağa