Azərbaycan Premyer Liqasının XXII turunda "Turan Tovuz" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov qələbəni şərh edib:
“Bizim üçün önəmli oyun idi. Bu il çempionatın maraqlı olması keçməsinin səbəblərdindən biri də Qərb derbisinin yenidən baş tutmasıdır. Azarkeşlərimizə təşəkkür edirəm ki, Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım kampaniyasında fəal iştirak etdilər. O ki qaldı matça, çətin, stresli oyun idi. Futbolçularıma təşəkkür edirəm. 90 dəqiqə nizamlı oynadılar. Matç boyu nəzarət bizdə idi. Rəqiblərlə xal fərqini artırmaq istəyirdik. Buna dnail olduq. Ağır qrafikdən keçdik. 5 gündən bir meydana çıxırdıq. İndi bir qədər rahat olacağıq”.
O, komanda üçün yeni sponsor tapılmasına belə münasibət bildirib: “Futbolumuz üçün bu, önəmli addımdır. Sponsorsuz çətindir. “Turan Tovuz” olaraq çox əziyyət çəkmişik. Ağır günlərdə İcra Hakimiyyəti bizə dəstək old. Bilirdik ki, Futbolun İnkişaf Fondu bizim üçün sponsor axtarır. Onlara da minnətdaram. Yeni sponsorla qısa söhbətimiz oldu. Ehtiram müəllim futbolun inkişafını, gələcəyi düşünür. Belə adamlar futbolumuza lazımdır. 1-2 ili yox, uzun müddəti düşünürük”.
Abbasov yeni sponsorların komandanın qarşısına hansı məqsəd qoyması barədə bunları deyib: “Hər hansı məqsəd qoyulmuyub. Təbii ki, məqsədsiz mübarizə aparmırıq. Real duruma baxırıq. Bu gün “Turan Tovuz”un real durumu nədirsə, onun üçün mübarizə aparırıq. Gələcək üçün planlarımız var. İnkişaf etmək, böyümək istəyirik. Ehtiram müəllim ilk öncə nəticəni düşünmür. Bilir ki, iddialı klublarla mübarizə aparmaq üçün vaxt lazımdır”.
“Turan Tovuz”un çalışdırıcısı aparıcı futbolçuları sona kimi meydanda saxlamasının səbəbini belə izah edib: “70-80-ci dəqiqələr önəmli idi. Həmin vaxt qol buraxsaydıq, sonluq stresli keçərdi. Öndə rəqibə təzyiq etməsəydik, arxa xətdə işimiz çtin olacaqdı. Runinin sarı vərəqəsi olduğu üçün onu əvəzlədim. Ümumi götürəndə bəzi futbolçuların 90 dəqiqə oynamasının tərəfdarıyam”.