Kanadanın qadınlardan ibarət millisi etiraza başlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə TSN məlumat yayıb.
Mənbənin məlumatına görə, bu, ABŞ-da keçiriləcək "SheBelieves" turnirinin başlamasına bir həftədən az vaxt qalmış və 5 ay sonra start götürəcək dünya çempionatı ərəfəsində baş verib.
Tətilə başlayan qadın millisi kişi komandası ilə eyni şərtləri tələb edir. Yaxşı maliyyə şərtləri tələbi ilə tətilə çıxan komandanın bəyanatında deyilir: “Bir ildən artıqdır ki, səbrlə danışıqlar aparırıq. Dünya çempionatı yaxınlaşır və bizdən dünya səviyyəsində yarışa hazırlaşmağı tələb edirlər. Lakin onlar kişilərdən ibarət komandaya göstərdikləri dəstəyi vermirlər və büdcəni kəsirlər. Qadın futbolçuların çiyninə belə bir yük qoymaq yolverilməzdir. Biz federasiya tərəfindən hörmətsizlik hiss edirik”.
Kanadanın kişilərdən ibarət millisi də zərif cinsdən olan həmkarlarını dəstəkləyən açıqlama yayıblar və federasiyanın vəsaitlərin bölüşdürülməsində kifayət qədər şəffaf olmadığını vurğulayıblar.
Komandaların etirazına cavab olaraq Kanada Futbol Federasiyası açıqlama yayıb. Qurumun izahatında bildirilib ki, qadınlardan ibarət komanda daim lazımi dəstəyi alıb və şəraitin yaxşılaşdırılması üçün millinin üzvləri ilə danışıqlar aparılır. Bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Qurum həmçinin milli komandanın nümayəndələri ilə növbəti görüşün şənbə günü Orlandoda keçiriləcəyini açıqlayıb.
Mirağa