"Səbail" Azərbaycan Premyer Liqasının 22-ci turunda "Zirə" üzərində inamlı qələbə (2:0) qazanıb. Bayıl təmsilçisinin heyətində serbiyalı Matiya Lyuyiç debüt etməyə imkan tapıb. Cəmi bir gün əvvəl komandaya qoşulan yarımmüdafiəçi 15 dəqiqə meydanda olub.
"Səbail"in yeni legioneri Fanat.Az-a verdiyi açıqlamada debüt təəssüratlarını bölüşüb: "Debüt etdiyim üçün çox xoşbəxtəm və ilk oyunda qalib gəlməkdən yaxşı heç nə ola bilməz. Ümid edirəm ki, hər həftə xal qazanmağa davam edəcəyik. Düşünürəm ki, liqada həm keyfiyyətli yerli futbolçular, həm də əcnəbilər var. Televiziyada bir neçə oyuna baxdım. Açığı, gördüklərim xoşuma gəlir. Sadəcə, stadionda daha çox azarkeş olmasını gözləyirəm".
Lyuçiç hələ oyundan əvvəl baş məşqçi Şahin Diniyevin ona 15 dəqiqə şans verəcəyini dediyini bildirib: "Bu, normaldır. Düzdür, cəmi bir məşqdə iştirak etmişdim. Amma
yanvar ayından Macarıstanda komandamla - "Uypeşt"lə məşq edirdim. Problem uyğunlaşma ilə bağlı ola bilər ki, ilk matçda bunu o qədər də hiss etdirmədim. Oyuna yaxşı "düşdüyümü" hesab edirəm".
Serbiyalı yarımmüdafiəçi "Səbail"ə gəlməmişdən əvvəl komanda və Azərbaycan haqda məlumatlı olduğunu deyib: "Marko Yankoviç mənim yaxın dostumdur. Bura gəlməmişdən əvvəl onunla danışmışdım. O, mənə şəhər və insanlar haqqında müsbət şeylər demişdi. Hələ Bakını gəzməmişəm. Şəhərlə tədricən daha yaxından tanış olacağam. Əminəm ki, burada ailəmlə əylənə biləcəyəm".
Mirağa