Azərbaycan Premyer Liqasının XXII turunda "Səbail" "Zirə"ni 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az-a danışan "Səbail"in futbolçusu Adil Nağıyev sözügedən qarşılaşmanı belə dəyərləndirib:
"Çətin rəqibə qarşı oynadıq. "Zirə" güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qələbə bizə çox vacib idi. Şükürlər olsun ki, yaxşı oyunla qələbə qazandıq. Artıq bu görüşü unutmuşuq. Növbədə "Neftçi" ilə çətin səfər matçımız var. Ona hazırlaşacağıq".
- XXI turda "Sabah"la oyunda 0:4 hesabı məğlub olmuşdunuz. Bəzən komandalarda ağır yenilgilərdən sonra ruh düşkünlüyü yaşanır. Ancaq sizdə əksinə oldu, böyük hesablı məğlubiyyətdən sonra turnir cədvəlində ön sıralarda olan rəqibi məğlub etməyə müvəffəq oldunuz. "Sabah"la oyundan sonra, və ya "Zirə" ilə matçdan əvvəl komanda daxilində nələr yaşandı, nə kimi söhbətlər oldu?
- "Sabah"la oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdə buraxılar qollar psixoloji təsir etdi. Belə məğlubiyyətdən sonra toparlanmaq çətin olur. Baş məşqçimiz bizə inandığını və komandanın yaxşı olacağını bildirdi. Ən əsası, udsaq da, uduzsaq da, bir yerdəyik. Biz bir ailəyik. Gələcəldə daha yaxşı olacağıq. Qələbələrimiz də daha çox olacaq.
- Sizcə, "Neftçi" ilə oyunda bu uğurun davamını gətirə biləcəksiniz?
- Əlbəttə, "Neftçi" ilə oyuna da qələbə üçün çıxacağıq. Yaxşı hazırlaşıb, meydanda daha istəkli olacağıq. Mübarizə aparıb qələbə qazanacağımıza inanırıq.
Röya