"Konyaspor" zəlzələ fəlakəti səbəbiylə Super Liqaya verilən fasilədə çalışmalarını bərpa edib.
Fanat.Az "Anadoludabugün"ə istinadən xəbər verir ki, serb Aleksandar Stonoyeviçin rəhbərlik etdiyi komanda üç günlük istirahətdən sonra dünən axşam "Koyuncu Grup Kayacık Tesisleri"ndə məşqə çıxıb.
Mətbuata qapalı olan məşqə yeni transferlərdən Marlos Moreno və Azərbaycan millisinin forvardı Mahir Emreli də qatılıb. İlk çalışmalarına çıxan futbolçular yeni komanda yoldaşları ilə tanış olublar. Baş məşqçi Stonoyeviç Mahir Emreli ilə uzun müddət söhbət edərək ondan gözləntilərini çatdırıb.
Yeri gəlmişkən, millimizin hücumçusunun "Konyaspor"da 19 nömrəli forma geyinəcəyi bildirilir.
Emreli fevralın 22-də yeni komandasında debüt edə bilər. Belə ki, həmin gün "Konyaspor" yoxlama oyunu keçirəcək. "Ağ-yaşıllar" 1-ci Liqa təmsilçisi "Gənclərbirliyi" ilə gücünü sınayacaq.
Mirağa