"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXIII turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəlib.
Əyalət təmsilçisinin kapitanı Şəhriyar Əliyev Fanat.Az-a açıqlamasında görüşü dəyərləndirib:
"Şükürlər olsun ki, son 3 oyunda qələbə qazanmışıq. Təlim-məşq toplanışında da uğurlu çıxış etmişdik. Düzdür, qış fasiləsindən sonra ilk 2 oyunda uduzduq. Əslində məğlub olunası oyunlar deyildi. Halbuki xal qazana bilərdik. Ancaq bunlara baxayaraq, ruhdan duşmədik və ardıcıl son 3 oyunda qələbə qazandıq. İnşallah, ardı gələr. Ab-hava baxımından kollektivdə hər şey qaydasındadır.
"Sabah"la oyuna gəlincə, rəqibi düzgün analiz etmişdik. Üstün cəhətlərini, əks-hücumda oynadıqlarını, sürətli futbolçuları olduğunu bilirdik. Rəqibə futbol oynamağa imkan verməyəyə çalışdıq. Çünki "Sabah" qol vurduqca daha da coşur. Fikrimcə, "Sabah"a qarşı yaxşı oynadıq. Layiqli qələbə qazandıq".
31 yaşlı müdafiəçi gələn tur qarşılaşacaqları "Zirə" ilə bağlı da danışıb: "Zirə" öz oyun üslubu olan komandadır. Bizi ağır matç gözləyir. Son iki turda məğlub olublar deyə xal qazanmağa çalışacaqlar. Doğma meydanda oynayacağıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Hər kəs istəyər ki, uğurların davamı gəlsin. Düzdür, oyuna kimi vaxtımız azdır, cəmi 4 gün qalıb. Matç gününə kimi tam bərpa olmağa çalışacağıq ki, yaxşı nəticə qazanaq".
Qeyd edək ki, XXIII turdan "Turan Tovuz" 26 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Röya