Bu mövsüm də çempionluq hədəflərindən uzaq düşən "Neftçi"nin rəhbərliyi daha rəqabətə davamlı kollektiv formalaşdırmaq yönündə müəyyən planlar cızıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klub idarəçilərinin əsas məqsədi heyətdəki səviyyəli yerlilərin sayının artırılması və bu yolla komanda ruhunun arzulanan vəziyyətə gətirilməsidir.
"Ağ-qaralar"ın əsas transfer hədəflərindən biri hələ də "Qarabağ"ın yeni müqavilə təklifinə "hə" deməyən Ramil Şeydayevin heyətə qatılmasıdır. Bu yay ağdamlılarla olan müqaviləsinin müddəti başa çatacaq Şeydayevin azad agent qismində bakılıların sıralarına cəlb edilməsi paytaxt klubunun kapitanı Emin Mahmudovun da arzusudur. Hətta məhz Şeydayev variantı alınmayacağı təqdirdə, Eminin özü də bu yay "Neftçi"dən ayrıla bilər.
Bakılılar yalnız azad agent statusu daşıyan azərbaycanlılarla deyil, klubları ilə müqavilələri olan futbolçuların da transferi üzərində çalışmaqda israrlıdır. "Qarabağ"ın sağ cinah müdafiəçisi Toral Bayramov belələrindəndir. Təbii, cari mövsüm Ağdam təmsilçisində daha çox Emin Cəfərquliyevin kölgəsində qalan 22 yaşlı Toralı almaq o qədər də asan olmayacaq. Lakin "ağ-qaralar"ın Bayramova yüksək əməkhaqqı ödəməyə hazır olduğunu və "Qarabağ"ın adətən iş yerini dəyişməyə can atan futbolçuları heyətdə saxlamadığını da unutmayaq.
Eyni sözləri "Sabah"ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev barədə də söyləmək olar. "Neftçi" İsayevlə 2 il öncə də yaxından maraqlanıb. Lakin həmin vaxt milliləşdirilmiş rusiyalı Masazır təmsilçisinin kifayət qədər cəlbedici təklifi qarşısında "əriyib" və "ağ-qaralar"ın arzusu gözündə qalıb.
"Xalq komandası"nın bosslarını qayğılandıran məqamlardan biri də mərkəz yarımmüdafiəçilərinin işinin öhdəsindən lazımınca gəlməyi bacarmamasıdır. Solomon Kverkveliya - Voyislav Stankoviç tandeminin ləngliyi bu mövqeyə daha gənc və etibarlı stopper transferini qaçılmaz edir. Hazırda Bakı təmsilçisinin "arxa cəbhə"nin gücləndirilməsi yönündə hansı addımı atacağı dəqiqləşdirilməsə də, klubun bir neçə variantı gözdən keçirdiyi dəqiqdir.
Nihat