"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının son turunda "Yuventus" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.
Fanat.Az xəbər verir ki, "Football Italia" portuqaliyalı çalışdırıcının dediklərini belə çatdırıb:
"Kremoneze"yə məğlubiyyəti hələ də unuda bilmirəm. O yenilgi ilə barışmaq çox çətindir...
Biz komanda şəklində mübarizə aparanda, meydanda bütün gücümüzü qoyanda evə lazımi nəticə ilə qayıtmağı bacaran kollektivik. "Yuventus"u üstələdiyimiz üçün şadam, amma hələ də Kremonedəki uğursuzluğu beynimdən silməyi bacarmıram.
"Yuventus"u taktiki cəhətdən üstələyib məğlubiyyətə uğratdığımızı söyləmək istəmirəm. Biz qələbəyə inandığımız üçün qalib gəldik. Allerqi ilə tez-tez danışırıq. Onun komandasından xoşum gəlir. İndi bizdən uzaqda olduqları üçün şadam. Çünki "Yuventus"un 15 xalı silinsə də, bu komanda istənilən dönəmdə qələbə seriyası yaxalamağı bacaran kollektivdir. Bəli, onlar ardıcıl 6-7 qələbə qazana bilərlər.
Təbii ki, öz çatışmazlıqlarımızdan xəbərdarıq. Yaxşı mübarizə apardığımız qarşılaşmalarda böyük komandaları üstələyirik. Ancaq mövsüm boyu sabitliyi qorumaqla bağlı problemlərimiz olur. Yəni "Roma"nın nə vaxt qələbə qazanacağını öncədən müəyyənləşdirmək çətindir. Bunun üzərində işləməliyik".
Nihat