"Qarabağ"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq Filip Ozobiç Xorvatiyanın "Slaven Belupo" klubu ilə yanaşı, iki Azərbaycan təmsilçisinin də diqqət mərkəzindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun azad agent qismində heyətə qatılması sabiq komandası "Qəbələ"də müzakirə edilib.
"Qırmızı-qaralar"ın əsas çətinliyi yüksək ödənişli futbolçulardan olan milliləşdirilmiş xorvatın maaş məsələsidir. Yəni Filip ağdamlıların sıralarını tərk etsə, bu varianta yalnız başqa iş yeri tapmayacağı halda razılaşa bilər.
Onu heyətində görmək istəyən digər Azərbaycan təmsilçisi isə "Neftçi"dir. "Ağ-qaralar"ın nümayəndələri bu ilin yanvarında futbolçunun özü ilə əlaqə saxlayıb və belə desək, onun paytaxt təmsilçisinin formasını geyinmək perspektivinə necə yanaşdığını öyrənməyə çalışıb.
Hər şeyə rəğmən, dəqiq olan budur ki, "Qarabağ" Ozobiçi mövsümün sonunda heyətdə saxlamağa qərar versə, o, qalan variantlardan heç birini üstün tutmayacaq.
Nihat