Futzal üzrə DÇ-2024-ün əsas mərhələsinə bu gün yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı 6-cı qrupda isə mübarizə artıq başa çatıb.
Son oyunda futzalçılarımızı böyük hesabla (7:2) məğlub edən Polşa qrup qalibi kimi birbaşa, Azərbaycan millisi isə ən yaxşı nəticə göstərən 4 qrup ikincisindən biri olaraq elit-raunda yüksəlib.
Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit-raunda yollanacaq.
Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçlarına yekun vurulacaq. Bu mərhələdə 20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilərsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il yanvarın 25-də, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.
Dünya çempionatının final mərhələsində ümumilikdə 24 komanda iştirak edəcək. Milli komandamız mundialda 2016-cı ildə debüt edib və mübarizəni 1/4 finalda dayandırıb.
Mirağa