Səfərdə yendiyi PSJ-ni (1:0) evdə 2 cavabsız qolla üstələyərək Çempionlar Liqasının 1/4 finalına yüksələn "Bayern Münhen"in hücumçusu Tomas Müller Lionel Messinin onlara heç vaxt problem yaratmadığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli forvardın dediklərini jurnalist Georq Holntser şəxsi "Twitter" hesabı üzərindən belə çatdırıb:
"Messiyə qarşı oyunlarımız həmişə yaxşı alınır. Nəticələr göz önündədir. Bizim problemimiz "Real Madrid"də oynadığı dönəmdə həmişə Kriştianu Ronaldu olub.
Amma Messiyə dünya çempionatında sərgilədiyi oyuna görə böyük hörmətlə yanaşıram. Onun DÇ-dəki fərdi çıxışı inanılmaz idi. Komandanı sözün əsl mənasında, arxasınca daşıyırdı.
PSJ kimi klubda oynamaq asan deyil. Təsəvvür edin, komandada balans problemi var və siz fərdi keyfiyyətlər hesabına qələbələr qazanmalı olursunuz".
Nihat