Azərbaycan Premyer Liqasının 26-cı turunda "Zirə" səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında oyunu belə şərh edib:
"Gərgin oyun oldu. Gəncədə "Kəpəz"ə qarşı oyunlar həmişə belədir. Xüsusi maneələrdən biri də meydançanın durumu idi. Çox baxımlı futbolun şahidi ola bilmədik. Birinci hissədə hər iki komandanın hücumları yaranmışdı. Kobud səhvdən qapımızda qol gördük. Dəyişikliklərdən sonra uğuru rəqib qapısında axtarmağa çalışdıq. Sonda yaxşı kombinasiyalı hücumdan sonra penalti qazandıq. Qələbə də qazana bilərdik. Ancaq matçın ədalətli nəticəsi bərabərlik idi.
Fasilədə 3 dəyişiklik etməyim nəticəyə görə idi. Buna görə hücumameyilli futbolçulara üstünlük verdik. Meydançanın durumuna görə bilirdik ki, bu gün uzun ötürmələrdən istifadə edəcəyik. Dəyişikliklərdən sonra oyuna canlanma gəldi. Hesab edirəm ki, bu gün bir xal qazandıq.
Azərbaycanda hamı nəticəyə görə qiymət verir. Təbii ki, nəticə önəmlidir. Amma yalnız bunu düşünmürəm. Son 8 matçdan ikisi-üçünü çıxmaq şərtilə, çox yaxşı oynamışıq. Daha çox xal yığa bilərdik.
Gəncəyə ilk dəfə məşqçi kimi gəldim, futbolçu kimi hansı hisləri keçirmişdimsə, indi də elə idi. Gəncə və Tovuz çətin səfər oyunlarıdır. Gəncəyə futbolun qayıtması sevindiricidir.
Legionerlərə də bildirmişdim ki, bura futbol şəhəridir, burada hamı futboldan anlayır. "Kəpəz" çox gözəl futbol oynayır. Etdiklərinə heyran qaldım.
Keçən ilkindən daha yaxşı oynadığımızı düşünürəm. Yaxın günlərdə nəticələri görəcəyik. Elə şeylər var ki, onları etmək vaxt tələb edir. Mənim üçün yerli, legioner fərqi yoxdur. Sağlam rəqabət gedir. Kim daha layiqli olacaqsa, o da oynayacaq.
Təbii ki, nə qədər yerli futbolçu oynasa, millinin məşqçiləri üçün o qədər yaxşı olar. Dəfələrlə olub ki, "Zirə"dən milliyə futbolçu çağırılmayıb. Mən millinin heç bir futbolçusunu ehtiyatda saxlamıram. Çalışıram ki, Azərbaycan futboluna yeni oyunçular qazandırım".