Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, 60 kq çəkidə yer alan Elmir Əliyev yarışa 1/4 finaldan qoşulacaq. O, türkiyəli Mert İlbarsı sınağa çəkəcək.
67 kq və 72 kq çəkilərdə yer alan Həsən Məmmədli ilə Qurban Qurbanov təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Onlar, müvafiq olaraq, Mixail Portmann (İsveçrə) və Luka Malobabiçlə (Xorvatiya) üz-üzə gələcəklər.
Digər iki pəhləvanımız isə 1/8 finaldan mübarizəyə qoşulacaq. İsmayıl Rzayev (82 kq) norveçli Eksaus Mukubu ilə, Murad Əhmədiyev (97 kq) isə serbiyalı Luka Katiçlə münasibətlərinə aydınlıq gətirəcəklər.
Bir gün əvvəl 77 kq çəki dərəcəsində finala yüksələn Xasay Həsənli bu gün həlledici görüş üçün döşək üzərinə çıxacaq. O, moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq. Sərxan Məmmədov (130 kq) isə təsəlliverici qarşılaşmada iştirak edəcək. Onun rəqibi rumıniyalı Gean Ali olacaq.
Qeyd edək ki, AÇ-yə martın 19-da yekun vurulacaq.