AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XXXI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
AFFA "Bakı"nın futbolçusu Ettonu 10 oyunluq cəzalandırıb. Buna səbəb onun "İnter"lə matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqə aldıqdan sonra hakimə fiziki təsir göstərməsi olub. AFFA "Bakı"nı 10 min manat cərimə edib.
"Sumqayıt"la oyunun 90+2-ci dəqiqəsində azarkeşləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu Araz Abdullayevin cəzası 3 oyun olub. "Ağ-qaralar" bu səbəbdən 2000 manat cərimələnib.
Həmin matçın 66-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan “Sumqayıt”ın futbolçusu Uğur Pamuk 1 oyunluq cəza və 200 manat cərimə ilə canını qurtarıb.
"Simurq" isə "Qarabağ"la matçın 35-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə edilib.
Fanat.az